Ümumi məlumat

“Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 363 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

Aqroparklar – kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, logistikası və satışını vahid bir sistemdə birləşdirən müasir kənd təsərrüfatı əraziləridir.

Ümumilikdə ölkə üzrə (Yevlax Pilot Aqropark istisna olmaqla) 55 aqropark mövcuddur və bunlardan 25 aqropark qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş 25 aqroparkın ümumi ərazisi 69,413.3 ha-dır.

Aqroparklarda “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməyən, innovativ texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.