Fəaliyyətin təşkili

Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı

Aqroparkın əsasnaməsində onun vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, aqroparkın aidiyyəti dövlət orqanları (qurumları), habelə yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər əks olunur.

Dövlət tərəfindən yaradılan aqroparkın fəaliyyətinə görə idarəedici təşkilat, özəl aqroparkın fəaliyyətinə görə isə onun rezidenti (rezidentləri) cavabdehdir.

Aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilatın, özəl aqroparka münasibətdə isə rezidentin (rezidentlərin) müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Nə idarəedici təşkilat, nə də operator aqroparkın rezidenti kimi fəaliyyət göstərə bilməz.

Aqroparkın operator tərəfindən idarə edilməsi onunla dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilat, özəl aqroparka münasibətdə isə rezident (rezidentlər) arasında bağlanılan idarəetmə sazişi əsasında həyata keçirilir.

 

Aqroparkın rezidentinin fəaliyyəti

Aqroparkın rezidenti aqroparkda sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun həyata keçirir.

Aqroparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aqroparkın rezidenti kimi müraciət edib qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Aqroparkın rezidentinin aqroparkda həyata keçirdiyi investisiya layihəsi barədə məlumatlar qeydiyyat şəhadətnaməsinin əlavəsində göstərilir.

İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin aqroparkın rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.