Qeydiyyat

Aqroparkın yaradılması

Aqropark dövlət, bələdiyyələr və sahibkarlıq subyektləri tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradılır. Aqropark üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaqlar idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri isə müvafiq icarə və ya alqı-satqı müqavilələri əsasında aqroparkın fəaliyyətinə cəlb olunur.

Aqroparkın yaradılması idarəedici təşkilatın təklifi əsasında səlahiyyətli orqanın qərarı ilə həyata keçirilir. Bu qərarda və sahibkarların təkliflərində aqroparkın yaradılmasının məqsədi, fəaliyyət profili, idarə olunması, maliyyə mənbələri, ərazisi və fəaliyyətinin təşkili ilə bağlı digər mühüm məsələlər müəyyən edilir.

Aqroparkın qeydiyyata alınması

İdarəedici təşkilat aqroparkların və onların rezidentlərinin reyestrini aparır və bu məlumatların yenilənməsini təmin edir. Reyestrin aparılma qaydaları səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

Səlahiyyətli orqan aqroparkın yaradılması barədə qərar qəbul etdikdən sonra idarəedici təşkilat sahibkarın təqdim etdiyi təklifi həmin təklifin təqdim edildiyi gündən 10 (on) iş günü müddətində aqroparkın yaradılmasının məqsədi, fəaliyyət profili, idarə olunması, maliyyələşmə mənbələri, ərazisi və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlərə uyğunluğunu və yuxarıda qeyd olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxladıqdan sonra qeydiyyata alır, aqroparkın yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsinə dair məlumatları Reyestrə daxil edir və qeydiyyat sənədini sahibkarlıq subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

Sahibkarlıq subyektinin təqdim etdiyi təklifdə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, sənədlər təqdim edildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqların aradan qaldırılması üçün bu barədə təklif göndərən sahibkarlıq subyektinə bildiriş təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

Sahibkarlıq subyekti bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Əks təqdirdə idarəedici təşkilat tərəfindən təklifin baxılmamış saxlanılması haqqında qərar qəbul edilərək 2 (iki) iş günü müddətində təklifi təqdim edən sahibkarlıq subyektinə təqdim olunur və ya sifarişli poçt vasitəsilə göndərilir.

Aqroparkın fəaliyyət müddəti 30 (otuz) il təşkil edir və bu müddət aqroparkın  qeydiyyata alınması barədə məlumatın idarəedici təşkilat tərəfindən Reyestrə daxil edildiyi tarixdən hesablanır. Dövlət tərəfindən yaradılan aqroparkın fəaliyyət müddəti idarəedici təşkilatın, özəl aqroparkın fəaliyyət müddəti isə onun rezidentinin (rezidentlərinin) əsaslandırılmış müraciəti əsasında müvafiq olaraq səlahiyyətli orqan və idarəedici təşkilat tərəfindən uzadılır.

 

Təklifdə aşağıdakı sənədlər yer almalıdır:

 

  • Aqroparkın yaradılmasının iqtisadi əsaslandırılması;
  • Ərazinin sosial, iqtisadi və ekoloji təhlili;
  • Maddi-əmək resursları və infrastruktur barədə məlumat;
  • Gələcək fəaliyyət profili və həyata keçiriləcək sahibkarlıq növləri;
  • Ərazi planı, torpaq mülkiyyəti və istifadəçiləri barədə məlumat;
  • Hüquqi sənədlər və torpaq sərəncamçısının razılığı;
  • Aqroparkın yaradılması ilə bağlı tədbirlər planı;
  • Aqroparkın əsasnaməsinin layihəsi.